Keçid linkləri

2025, 10 Avqust, bazar, Bakı vaxtı 23:40

Ermənistandan deputat: 'İlham Əliyevin tələbi razılaşmaya salınıb'


Donald Tramp İlham Əliyevi qarşılayır
Donald Tramp İlham Əliyevi qarşılayır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərin Azərbaycan və Ermənistanı sülhə xeyli yaxınlaşdırdığını deyir:

“Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna daha bir zərbə dəymiş oldu. Azərbaycanın da, Ermənistanın da ABŞ-la əlaqələri xeyli güclənəcək”.

“Birləşmiş Ştatların qarant dayanması ilə bu proses reallaşacaq”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov deyir ki, əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini şərtləndirən razılaşmadır:

“Qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün onun ratifikasiya olunması üçün əlavə tədbirlərə ehtiyac var. “Əlavə tədbir” deyiləndə Azərbaycanın məhz Ermənistan konstitusiyasında dəyişikliklərin labüdlüyü ilə bağlı mövqeyi nəzərə alınıb. Zəngəzur dəhlizi-indi ona Tramp marşrutu və ya Tramp xətti deyilir-onun reallaşdırılması ilə bağlı Ermənistan və ABŞ razılığa gəliblər. Bu razılıq nəticə etibarı ilə dəhlizin funksionallığını təmin edir. Bu iki dövlətin razılaşması əsasındadır və Azərbaycan tərəfi də bu prosesdə iştirak edir. Ən əsası Azərbaycandan Naxçıvana gediş-gəliş maneəsiz həyata keçiriləcək. Birləşmiş Ştatların qarant dayanması ilə bu proses reallaşacaq”.

Ermənistan Milli Məclisinin Xarici əlaqələr daimi komitəsinin sədri, hakim “Mülki Müqavilə” fraksiyasının üzvü Sargis Xandanian TRIPP yolunun iqtisadi tərəflərindən danışıb:

“Azərbaycan ərazisində investisiyalarla Azərbaycan özü məşğul olacaq, həm də orada artıq mövcud olan infrastruktur var. Ermənistan üçün isə investisiya yatırılmasına ehtiyac var. Ermənistanın bu ideyanı ABŞ-la birlikdə inkişaf etdirməyə maraq göstərməsinin əsas səbəbi budur, yəni, Ermənistanın cənubundan keçəcək infrastruktur Amerika ilə və ABŞ investisiyaları hesabına reallaşsın”.

“Ermənistan yenə də heç nə əldə etmədi”

Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan isə imzalanmış sənədlərin daha çox Azərbaycanın xeyrinə olduğunu deyir:

“Fakt ondan ibarətdir ki, [Azərbaycan Prezidenti] İlham Əliyev tələb etdiyini əldə edib: Ermənistan ərazisindən maneəsiz keçid: bu, həm üçtərəfli birgə bəyannamədə, həm də ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müraciətdə qeyd olunub. Amerika tərəfi isə imic üstünlüyü əldə etdi, bölgəyə sülh gətirən tərəf kimi. Ermənistan yenə də heç nə əldə etmədi – məhz buna görə də biz birtərəfli güzəştlərdən danışırıq”.

Müxalif siyasətçi prezident Əliyevin azərbaycanlılar heç bir sərhədçi ilə qarşılaşmaması və maneəsiz keçidlə təmin olunması tələbini yada salır: “İndi isə Əliyevin bu ifadəsi razılaşmada rəsmən təsbit edilib. Mən soruşuram ki, qarşılıqlılıq necə təmin olunacaq? Ümumiyyətlə, prinsiplərin özü belə aydın deyil... Məsələn, gömrük rəsmiləşdirilməsi olacaq, ya yox? Mən bu qeyri-müəyyənlikdə təhlükə görürəm”.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişini paraflayıb. Üçtərəfli bəyannamədə isə Naxçıvanla maneəsiz əlaqənin yaradılacağı, eyni zamanda, Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunacağı təminatı verilib.

XS
SM
MD
LG