Keçid linkləri

2025, 10 Avqust, bazar, Bakı vaxtı 23:40

İran xarici müdaxilədən narahatlığını bildirir. Vilayəti təhdid edir


İranın Xarici İşlər Nazirliyi
İranın Xarici İşlər Nazirliyi

Tehran "Tramp yolu"na etirazını bildirib.

“İran, Rusiya ilə olsa da, olmasa da Qafqazda Amerika dəhlizinin inşasının qarşısını alacaq. Çünki bu dəhliz regionun təhlükəsizliyinə təhdiddir, onun geosiyasi xəritəsini dəyişir”, – bunu "Tasnim" agentliyinə müsahibəsində İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

O vurğulayıb ki, İran həmişə “Zəngəzur dəhlizi” adlandırılan layihəyə qarşı çıxıb, çünki bu, sərhədləri dəyişdirə, Ermənistanı parçalaya və İranın regiona çıxış imkanlarını məhdudlaşdıra bilər. Ə.Ə.Vilayətinin sözlərinə görə, Türkiyə və Azərbaycan bu planı daha əvvəl irəli sürdükləri zaman, İran onu əngəlləməyə hazır olduğunu göstərmək üçün ölkənin şimal-qərb sərhədlərində bir neçə hərbi təlim keçirib.

XİN-in bəyanatı

Bu hədələyici bəyanatdan öncə isə İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayıb, bunu regionda davamlı sülhün əldə olunması yolunda mühüm addım sayıb. Tehran həmçinin öz sərhədlərinə yaxın ərazilərdə istənilən xarici müdaxilənin bölgənin təhlükəsizliyi və davamlı sabitliyi üçün doğura biləcəyi mənfi nəticələrdən narahatlığını bildirib. İranın Xarici İşlər Nazirliyi avqustun 9-da belə bir bəyanatla çıxış edib.

İran özünün milli hüquq və maraqlarını qorumaqdan ötrü bütün siyasi, hüquqi və iqtisadi tədbirləri görmək öhdəliyini bir daha təsdiqləyir. Tehran vurğulayır ki, kommunikasiya yollarının açılması və nəqliyyat əlaqələrinin bərpası yalnız qarşılıqlı fayda, milli suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində və xarici müdaxilə olmadan gerçəkləşərsə, sabitlik, təhlükəsizlik və iqtisadi inkişafa töhfə verə bilər.

Tehran 3+3 mexanizmini yada salır, regionda sülhün, sabitliyin qorunması məqsədilə Azərbaycan və Ermənistanla əməkdaşlığı ikitərəfli və regional təşəbbüslər, o cümlədən bu formatda davam etdirməyə hazır olduğunu bildirir.

3+3 formatı Cənubi Qafqazın 3 ölkəsi üstəgəl Rusiya, İran və Türkiyənin əməkdaşlığını nəzərdə tutur. Bu formatda bir neçə görüş keçirilsə də, son illər intensiv əməkdaşlıq azalıb.

Azərbaycanla İran arasında da 2024-cü ilə qədər müəyyən gərginlik olsa da, ötən ildən münasibətlərin düzəlməsinə dair qarşılıqlı açıqlamalar verilib. Bununla belə, ötən ay İranla İsrail arasında bir neçə həftə çəkən toqquşmalardan sonra bu ölkədən Azərbaycan əleyhinə də fikirlər səslənmişdi. Azərbaycan rəsmiləri isə İran-İsrail münaqişəsində neytral olduqlarını deyirlər.

Bir müddət öncə İranın Ali Lideri Ayətüllah Əli Xameneinin baş müşaviri “region daxilində və ya xaricindəki ölkələri” Azərbaycan üçün Ermənistanın İranla həmsərhəd bölgəsindən keçəcək quru dəhlizi əldə etməyə çalışmağı dayandırmağa çağırıb.

Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

XS
SM
MD
LG